BAKI, 25 fevral. TELEQRAF

"Microsoft"un həmtəsisçisi Bill Qeyts adı pedofiliya qalmaqallarında hallanan mərhum maliyyəçi Ceffri Epşteynlə əlaqələrinə görə öz xeyriyyə fondunun əməkdaşlarından üzr istəyib.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Milyarder bu münasibətləri həyatının ən böyük səhvlərindən biri adlandırıb:

"Epşteynlə ünsiyyətdə olmaq böyük səhv idi. Bu hekayəyə sürüklənən insanlardan üzr istəyirəm. Mən qanunsuz heç nə etməmişəm və belə bir hadisənin şahidi də olmamışam".

O, maliyyəçinin qurbanı olan qadınlarla heç bir vaxt keçirmədiyini vurğulayıb.

Xatırladaq ki, Bill Qeyts daha əvvəl verdiyi müsahibələrində Epşteynlə 2011-ci ildə tanış olduğunu və üç il ərzində bir neçə dəfə onunla şam yeməyində görüşdüyünü bildirmişdi.