BAKI, 18 fevral. TELEQRAF
İsrail Xarici İşlər Nazirliyi (XİN) ərəb ölkələrinin İordan çayının qərb sahilində torpaqların dövlət qeydiyyatına başlanması ilə bağlı İsrail hökumətinin qərarına yönələn tənqidlərini rədd edib.
Teleqraf xəbər verir ki, İsrail tərəfinin mövqeyinə görə, söhbət yerli əhalinin hüquqlarının qorunmasına yönəlmiş “inzibati tədbir”dən gedir.
Fevralın 15-də İsrailin dövlət teleradio şirkəti Kan hökumətin İordan çayının qərb sahilində torpaqların qeydiyyatı prosesinə başlanmasını təsdiqlədiyini bildirib. Bu, 1967-ci ildən Altıgünlük müharibənin nəticələrinə görə əvvəllər İordaniyanın nəzarətində olan bu ərazilərin İsrailin nəzarətinə keçməsindən sonra ilk belə qərardır.
Bu addım BMT-nin baş katibi Antoniu Quterriş, eləcə də bir sıra ərəb və müsəlman ölkələri tərəfindən tənqid olunub. Beynəlxalq hüquqa görə, İordan çayının qərb sahilindəki ərazilər işğal olunmuş sayılır, İsrailin həmin ərazilərdə məskunlaşma fəaliyyəti isə beynəlxalq hüquqa zidd hesab edilir.
Səkkiz ərəb və müsəlman dövlətinin bu qərarı pisləyən birgə bəyanatını şərh edən İsrail XİN bildirib ki, bu iddialar “faktiki əsaslara malik deyil və bilərəkdən çaşdırıcı xarakter daşıyır”. İsrail tərəfi İordan çayının qərb sahilində torpaq mübahisələrinə görə məsuliyyəti Fələstin Administrasiyasının üzərinə qoyur və qeyri-qanuni tikinti ilə guya fələstinlilərin məşğul olduğunu iddia edir. Nazirliyin açıqlamasında qeyd olunub ki, məhz Fələstin Administrasiyası zona C-də qanunu və mövcud razılaşmaları pozaraq torpaqların qeyri-qanuni qeydiyyatı prosedurlarını irəli aparır.
İsrail XİN-də bildirilib ki, torpaqların dövlət qeydiyyatı ilə bağlı qərar həm israillilərin, həm də fələstinlilərin mülkiyyət hüquqlarını qorumağa yönəlib. Nazirliyin açıqlamasına görə, bu həftə hökumət mülki və əmlak hüququ çərçivəsində inzibati tədbiri təsdiqləyib və bu, hüquqi mübahisələrin həlli üçün torpaq qeydiyyatı prosedurlarının aparılmasına, hüquqların şəffaf və dəqiq izahına imkan verəcək. Bu addım hər iki tərəfin mülkiyyət hüquqlarının qorunmasına xidmət edir.