BAKI, 16 fevral. TELEQRAF
2024-cü ilin mart ayında 149 nəfərin həyatını itirdiyi “Krokus Siti Holl”da törədilmiş terror aktı ilə bağlı cinayət işi üzrə tərəflərin çıxışları 2-ci Qərb Hərbi Dairə Məhkəməsində qapalı rejimdə keçiriləcək.
Teleqraf xəbər verir ki, TASS agentliyinin məlumatına görə, zərərçəkənlərin vəkili Lyudmila Ayvar bildirib ki, müdafiə tərəfi iş üzrə 19 təqsirləndirilən şəxs üçün mümkün olan ən ağır cəzanın, o cümlədən ömürlük azadlıqdan məhrumetmənin tətbiqini tələb edəcək.
Onun sözlərinə görə, mövqe qisasla bağlı deyil, ədalət mühakiməsi və cəmiyyətin qorunması ilə bağlıdır. Vəkil qeyd edib ki, terrorizm təkcə konkret insanlara qarşı deyil, ölkədə təhlükəsizlik hissinə qarşı yönəlmiş cinayətdir və buna görə də həm birbaşa icraçıların, həm də cinayətə cəlb olunan digər şəxslərin məsuliyyəti qaçılmaz olmalıdır. Cəzanın isə vurulmuş zərərin miqyasına və ictimai təhlükəlilik dərəcəsinə uyğun olması tələb olunur.
Lyudmila Ayvar əlavə edib ki, zərərçəkən tərəf təqsirləndirilənlərə qarşı mülki iddialar da qaldırıb və müdafiə həmin iddiaların təmin edilməsində israr edəcək. Bildirilib ki, iddiaların ümumi məbləği on milyonlarla rubl təşkil edir, lakin hətta məhkəmə tələbləri təmin etsə belə, real ödənişin əldə olunmasının çətin olacağı gözlənilir.
Qeyd edək ki, daha əvvəl yayılan məlumatlara görə, Krasnoqorskda yerləşən “Krokus Siti Holl” konsert zalına hücumla bağlı iş çərçivəsində qaldırılan iddiaların ümumi məbləği təxminən 66 milyon rubl təşkil edib. Zərərçəkən kimi 1,7 min nəfərlə yanaşı, MTS və “T2 Mobil” mobil operatorları, həmçinin dörd təşkilat da tanınıb. Vurulan ümumi maddi zərərin isə təxminən 6 milyard rubl olduğu bildirilir.