BAKI, 16 fevral. TELEQRAF

Suriya kürdlərinin əsas tələbi ölkənin şimal-şərq bölgələrində yaratdıqları özünüidarə orqanlarının qorunub saxlanılmasıdır.

Teleqraf xəbər verir ki, bu barədə kürd koalisiyası “Suriya Demokratik Qüvvələri”nin (SDQ) komandanı Məzlum Abdi Rudaş telekanalına açıqlamasında bildirib.

O qeyd edib ki, kürdlər istənilən ad altında muxtariyyət istəyirlər və onlar üçün əsas məsələ yaşadıqları ərazilərin özləri tərəfindən idarə olunmasıdır.

Abdi bildirib ki, bu məsələni Münhen Təhlükəsizlik Konfransı çərçivəsində də müzakirə edib. Onun sözlərinə görə, Suriyada kürdlərin hüquqları və onların yaşadığı bölgələrin xüsusi statusu Avropa İttifaqında bir çoxları tərəfindən dəstəklənir. Komandan əlavə edib ki, hazırda Dəməşqdəki keçid hökuməti ilə kürd xalqının istəklərinin reallaşdırılmasına imkan verəcək mexanizm barədə dialoq aparılır.

Məlumata görə, Məzlum Abdi fevralın 13-də Münhendə keçirilən forum çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşən, xarici işlər naziri Əsəd əş-Şeybani başda olmaqla Suriya nümayəndə heyətinin tərkibində olub. Abdi qeyd edib ki, danışıqlar zamanı yanvarın 29-da kürdlərlə Suriya hakimiyyəti arasında əldə edilmiş razılaşmanın icrasına beynəlxalq güclərin zəmanətçi kimi rolu da müzakirə edilib.