İran Prezidenti Məsud Pezeşkian Tehranın həyati əhəmiyyətli nəqliyyat infrastrukturu layihələrinin həyata keçirilməsini sürətləndirməyə sadiq olduğunu bildirib və bu dəhlizlərin regiondakı bütün ölkələrin təhlükəsizliyini təmin edəcəyini vurğulayıb.
Teleqraf "Mehr" agentliyinə istinadən xəbər verir ki, Dəmir Yolu və Magistral Yolları üçün İnvestisiya və Maliyyə İmkanları üzrə Beynəlxalq Konfransda çıxış edən Pezeşkian tranzit yollarının regionda sülh və sabitliyi təmin edəcəyini qeyd edib.
O, İranın yol layihələrini sürətli, dəqiq və yüksək keyfiyyətlə həyata keçirmək əzmində olduğunu vurğulayıb.
Pezeşkian vurğulayıb ki, İran qonşu ölkələri öz dostları və hətta qohumları hesab edir: "İranın Azərbaycan Respublikası ilə mədəni və tarixi oxşarlıqları, eləcə də qonşu İraq və Kürdüstan bölgəsi ilə sıx əlaqələri var. İranın Türkiyə, Əfqanıstan, Pakistan, Türkmənistan və regiondakı digər ölkələrlə uzunmüddətli əməkdaşlıq və birgəyaşayış tarixi var. Region ölkələri prezidentlərinin təhlükəsizliyi gücləndirmək və gərginliyin qarşısını almaq üçün gördüyü işlər yüksək tərifəlayiqdir".
Onun sözlərinə görə, Azərbaycan, Türkiyə, İraq, Səudiyyə Ərəbistanı, Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Pakistan, Əfqanıstan və regionun digər ölkələri məsələləri dialoq və əməkdaşlıq yolu ilə həll etməyə çalışırlar.