BAKI, 14 fevral. TELEQRAF
Danimarkanın baş naziri Mette Frederiksen və Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə danışıqlar aparıblar.
Teleqraf xəbər verir ki, bu barədə Danimarka baş nazirinin ofisi məlumat yayıb.
Baş nazirin ofisinin sosial şəbəkə "X"də yaydığı açıqlamada bildirilib ki, Marko Rubio və Qrenlandiya hökumətinin rəhbəri Yens-Frederik Nilsenlə keçirilən danışıqlar konstruktiv xarakter daşıyıb. Qeyd olunub ki, işçi qrup çərçivəsində əldə edilmiş razılaşmalara uyğun olaraq iş davam etdiriləcək.
Xatırladaq ki, yanvarın 14-də Vaşinqtonda Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Vivian Motsfeld ABŞ-nin vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə görüşüblər. Rasmussen daha sonra bildirmişdi ki, bu məsləhətləşmələr zamanı Danimarka ABŞ-yə Qrenlandiyanı özünə birləşdirmək niyyətindən çəkindirməyə nail ola bilməyib. Həmin görüşdə tərəflər adanın gələcəyi ilə bağlı qarşılıqlı anlaşmanın mümkünlüyünü araşdırmaq üçün mütəmadi toplaşacaq işçi qrupunun yaradılması barədə razılığa gəliblər.