BAKI, 11 fevral. TELEQRAF

Avropa Şurasının Nazirlər Komitəsi təşkilatın sabiq baş katibi Turbyorn Yaqlandın toxunulmazlığının ləğvi barədə qərar qəbul edib.

Teleqraf Avropa Şurasının saytına istinadən xəbər verir ki, bu qərar Norveç hakimiyyətinin Yaqlanda qarşı korrupsiya ittihamları irəli sürməsi fonunda verilib.

Norveç hökuməti AŞ-yə müraciət edərək Yaqlandın istintaqa cəlb olunması üçün toxunulmazlığının ləğvini xahiş edib.

Yaqlandın adı maliyyəçi Ceffri Epşteyn barədə açılan cinayət işində hallanıb.

"2025-ci ilin noyabrındakı ifşalardan sonra Avropa Şurasının bütövlüyünü və nüfuzunu qorumaq üçün zəruri hesab etdiyim bütün tədbirləri gördüm. Bu işin hallarını aydınlaşdırmaq və mövcud məlumatları yoxlamaq üçün qeyri-rəsmi daxili inzibati araşdırmanın başlanmasını tələb etdim", - Avropa Şurasının fəaliyyətdə olan Baş katibi Alen Berse bildirib.

Qeyd edək ki, Yaqland 2009-cu ildən 2019-cu ilə qədər Avropa Şurasının Baş katibi vəzifəsində çalışıb. Bundan əvvəl o, 1996-cı ildən 1997-ci ilə qədər Norveçin Baş naziri olub.

30 yanvarda ABŞ Ədliyyə Nazirliyi uşaq alveri və uşaq istismarında ittiham olunan maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı 3 milyon faylı açıqlayıb. “Le Monde” qəzetinin məlumatına görə , bu sənədlərdə Torbyorn Yaqland da qeyd olunur. Arxivlərə görə, o, maliyyəçidən daşınmaz əmlak alışı üçün zəmanət istəyib, lakin onun sorğusuna cavab məlum deyil.

Sənədlərdə həmçinin qeyd olunur ki, məmur 2018-ci ildə Epşteynin Nyu-Yorkdakı iqamətgahında olub.