BAKI, 11 fevral. TELEQRAF

Niderlandın aparıcı bankları "Rabobank", ING və "ABN Amro" ABŞ texnoloji şirkətlərindən asılılığı azaltmaq və Avropada alternativ rəqəmsal infrastrukturlar yaratmaq niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə "NL Times" portalı məlumat yayıb.

Məlumata görə, bankların rəhbərliyi bildirir ki, onların İT infrastrukturunun böyük hissəsi hələ də ABŞ tədarükçülərinin xidmətlərinə, xüsusilə bulud texnologiyaları və süni intellekt sahəsindəki həllərə əsaslanır. Geosiyasi vəziyyətin qeyri-sabitliyi fonunda bu asılılıq maliyyə sektoru üçün risklər yaradır.

"Rabobank"ın baş icraçı direktoru Stefan Dekrene ABŞ texnoloji nəhənglərindən asılılığı etiraf edərək, əsas İT tərəfdaşlarının ABŞ-вэ yerləşdiyini bildirib. Onun sözlərinə görə, banklar digər avropalı tərəfdaşlarla birlikdə Avropada öz bulud infrastrukturunu inkişaf etdirməyi və məlumat mərkəzləri qurmağı planlaşdırır. Lakin bu prosesin üç-beş il çəkəcəyi vurğulanır.

ING bankının rəhbəri Stiven van Rijsveyk də sektorun ABŞ şirkətlərindən asılı olduğunu qeyd edib. O bildirib ki, bank infrastrukturunun bir çox əsas komponentləri Amerika şirkətləri tərəfindən təmin olunur. Banker həmçinin Avropa maliyyə qurumlarının avrozonada "Visa" və "Mastercard"ın dominant mövqeyini nəzərə alaraq, öz ödəniş sistemlərinin inkişafını dəstəklədiklərini vurğulayıb.

Qeyd olunur ki, Avropa Mərkəzi Bankı da qeyri-Avropa ödəniş sistemlərindən asılılığı azaltmaq məqsədilə rəqəmsal avronun tətbiqini sürətləndirməyi planlaşdırır. Eyni zamanda, Niderland Maliyyə Bazarlarına Nəzarət İdarəsi və ölkənin Mərkəzi Bankı maliyyə sektorunun məhdud sayda qeyri-Avropa İT tədarükçülərindən artan asılılığının sistem riskləri yaratdığı barədə dəfələrlə xəbərdarlıq edib. Bununla belə, niderland tənzimləyicisinin özünün də ABŞ-nin "Microsoft" şirkətinin həllərindən istifadə etməsi Amerika texnologiyalarından sürətli imtinanın çətinliyini göstərir.