BAKI, 6 fevral. TELEQRAF

Norveç şahzadəsi Mette-Marit məşhur maliyyəçi Ceffri Epşteyn ilə əlaqələrinə görə üzr istəyib.

Teleqraf xəbər verir ki, şahzadə açıqlamasında bildirib: "Məyus etdiyim hər kəsdən üzr istəyirəm. Epşteynlə aramızda olan mesajlar mənim əsl kimliyimi əks etdirmir. Həmçinin Kral Sarayına, xüsusən də Kral və Kraliçaya yaratdığım vəziyyətə görə təəssüflənirəm".

Norveç şahzadəsinin adı Epşteynin yeni sənədlərində min dəfədən çox xatırlanır. Lakin o, maliyyəçinin cinayətkar fəaliyyətindən xəbərsiz olduğunu bildirib və onunla əlaqələrindən peşmanlığını ifadə edib.

Norveç Kral Evi şahzadənin 2013-cü ildə Epşteynlə əlaqəsini dayandırdığını bildirib.

Epşteyn 2002-2005-ci illər arasında onlarla yetkinlik yaşına çatmayan qız üçün Nyu-Yorkdakı evinə və şəxsi adasına səfərlər təşkil etməkdə ittiham olunub.