BAKI, 6 fevral. TELEQRAF
ABŞ administrasiyası hesab edir ki, Kuba hakimiyyəti ABŞ Prezidenti Donald Trampla oynamağa cəhd göstərməməlidir. Bu barədə jurnalistlərə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ceremi Levin bildirib.
Teleqraf xəbər verir ki, Levin Kuba prezidenti Migel Dias-Kanelin Vaşinqtonla təzyiq olmadan dialoqa hazır olduqlarına dair açıqlamasını şərh edərkən deyib ki, rəsmi Havana diqqətini yüksək səslə bəyanatlar verməyə deyil, öz xalqının təminatına yönəltməlidir. Onun sözlərinə görə, ilk növbədə istənilən hökumətin əsas vəzifəsi xalqının rifahını təmin etməkdir.
Levin qeyd edib ki, ABŞ Kuba xalqına yardım məqsədilə 6 milyon dollar ayırmaq qərarı verib və gələcəkdə bu dəstəyin artırılması da istisna olunmur.
ABŞ Dövlət Departamentinin rəsmisi, həmçinin, Kubada “dünyanın ən böyük Rusiya radioelektron kəşfiyyat obyektinin” yerləşdiyini və Çin radioelektron kəşfiyyatının da fəaliyyət göstərdiyini iddia edib. O, konkret olaraq nəyi nəzərdə tutduğunu açıqlamayıb. Qeyd edək ki, Rusiyanın Havananın ətrafındakı Lurdes qəsəbəsində yerləşən radiolokasiya mərkəzi 2002-ci ildə bağlanıb.
Xatırladaq ki, daha əvvəl Migel Dias-Kanel Havananın Vaşinqtonla istənilən mövzuda dialoqa hazır olduğunu, lakin bunun təzyiqsiz, bərabərhüquqlu və Kubanın suverenliyinə hörmət əsasında aparılmalı olduğunu bildirmişdi. Onun sözlərinə görə, bu cür yanaşma qonşular arasında sivil münasibətlərin qurulmasına imkan verə bilər.
ABŞ Prezidenti Donald Tramp isə daha əvvəl Vaşinqton administrasiyasının ABŞ-nin tətbiq etdiyi enerji blokadası fonunda Kuba ilə bağlı vəziyyət üzrə Havana ilə təmasda olduğunu və tərəflərin razılaşmaya yaxın olduqlarını söyləmişdi.