BAKI, 5 fevral. TELEQRAF
ABŞ dünyada nüvə silahlarının sayının azaldılması məqsədilə Rusiya, Çin və digər ölkələrlə əməkdaşlıq etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin vitse-prezidenti Cey Di Vens amerikalı jurnalist Meqin Kelli ilə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Vaşinqton istənilən ölkə ilə, istər müttəfiq, istərsə də rəqib olsun, nüvə silahlarının sayının azaldılması istiqamətində işləməyə hazırdır.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin xoş niyyət jesti kimi Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması haqqında Müqavilə üzrə əsas kəmiyyət məhdudiyyətlərinə əməl olunmasının daha bir il uzadılmasını təklif edib. Fevralın 4-də Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Moskva hələlik Vaşinqtondan bu təkliflə bağlı cavab almayıb.
Qeyd edək ki, sözügedən müqavilə 2010-cu ildə imzalanıb və Rusiya ilə ABŞ üçün qitələrarası ballistik raketlərin, eləcə də nüvə döyüş başlıqlarının sayına məhdudiyyətlər nəzərdə tutur. Müqavilənin müddəti fevralın 5-də başa çatır.