BAKI, 4 fevral. TELEQRAF

Liviya lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın cəsədinin hazırda harada olduğu məlum deyil.

Teleqraf xəbər verir ki, bu barədə "Al Wasat" portalı məlumat yayıb.

Qərbi Liviyada yerləşən və hadisənin baş verdiyi ehtimal olunan Əz-Zintan şəhərinin xəstəxanası Seyf əl-İslam Qəddafinin cəsədinin həmin tibb müəssisəsinə gətirilməsi ilə bağlı yayılan məlumatlar təkzib edib.

Eyni zamanda, qonşu Ər-Racban yaşayış məntəqəsindəki tibb müəssisəsində də Seyf əl-İslamın cəsədinin oraya daxil olması barədə hər hansı məlumatın olmadığı bildirilib.

***

02:49

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın dəfni onun öldürülməsi ilə bağlı istintaq yekunlaşana qədər həyata keçirilməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə Seyf əl-İslamın ümumliviyalı dialoq komitəsindəki nümayəndəsi Abdalla Usman məlumat verib.

Onun sözlərinə görə, cinayət yerində zəruri prosedurlar tamamlanmadan və qətlin araşdırılması başa çatmadan dəfn mərasimi keçirilməyəcək. Abdalla Usman bildirib ki, hadisə yerinə baxışdan sonra Seyf əl-İslamın cəsədi Əz-Zintan şəhərində yerləşən özəl klinikanın morquna aparılacaq.

Nümayəndənin iddiasına əsasən, hücum zamanı cinayətkarlar Qəddafinin oğlunun iqamətgahında müşahidə kameralarını sıradan çıxarıb və mühafizəçiləri zərərsizləşdiriblər.

***

01:39

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslamın vəkili Xalid əl-Zeydi müvəkkilinin qətlini təsdiqlədi.

Teleqraf xəbər verir ki, bu barədə Liviyanın "Al Marsad" portalı məlumat verib.

Xəbər agentliyinin məlumatına görə, Seyf əl-İslamın vəkili başsağlığı verərək onun qətlinin sui-qəsd cəhdinin nəticəsi olduğunu açıqlayıb.

Qəddafinin oğlunun siyasi komandası isə bəyanatda qətlin cəzasız qalmayacağına söz verib.

"Biz Liviya məhkəmə sisteminin və beynəlxalq ictimaiyyətin məsuliyyəti öz üzərinə götürməsini tələb edirik", - deyə bəyanatda bildirilib.