BAKI, 2 fevral. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 3-4 fevral tarixlərində Pakistana dövlət səfəri edəcək.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı "Akorda"nın mətbuat xidməti yayıb.

Bildirilib ki, səfər çərçivəsində dövlət başçısının yüksək səviyyəli rəsmi şəxslərlə bir sıra mühüm görüşləri nəzərdə tutulub, Baş nazir Şahbaz Şərif ilə geniş tərkibli danışıqlar və Prezident Asif Əli Zərdari ilə ikitərəfli görüşü olacaq.

Görüşlər zamanı tərəflər iki ölkə arasındakı strateji münasibətlərin hazırkı vəziyyətini və inkişaf perspektivlərini nəzərdən keçirəcəklər.

Səfər çərçivəsində iki ölkənin iş adamlarının bir araya gələcəyi Qazaxıstan-Pakistan Biznes Forumunun keçirilməsi də planlaşdırılır.