BAKI, 1 fevral. TELEQRAF

Qahirə regionda gərginliyin artması fonunda İran və ABŞ arasında diplomatik dialoqun bərpasını vacib hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə Misir prezidenti Əbdülfəttah əs-Sisi İran prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı bəyan edib.

Misir liderinin sözlərinə görə, Qahirə regionda eskalasiyanın yeni mərhələsindən ciddi narahatdır və istənilən mübahisəli vəziyyətin yeganə və ən düzgün həll yolunun diplomatik vasitələr olduğunu düşünür. O vurğulayıb ki, Misir İran və ABŞ-ni yenidən danışıqlar masasına qaytarmaq üçün fasiləsiz səylər göstərir. Əs-Sisi həmçinin bildirib ki, İranın nüvə proqramı ilə bağlı məsələnin sülh yolu ilə həlli regional və beynəlxalq səviyyədə sabitliyin möhkəmlənməsinə töhfə verəcək.