BAKI, 25 yanvar. TELEQRAF
Böyük Britaniya hökuməti İngiltərə və Uelsdə terrorizm, təşkilatlanmış cinayət və dələduzluq kimi ən ağır cinayətləri araşdırmaq üçün Milli Polis Xidməti (National Police Service, NPS) yaradacaq.
Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" qəzet məlumat yayıb.
Bildirilir ki, yeni struktur ABŞ-nin Federal Təhqiqat Bürosuna bənzədilir və İngiltərdə ciddi cinayətlərlə mübarizə aparacaq.Bu vəzifə indiyədək Milli Cinayətlə Mübarizə Agentliyi, regional polis orqanları və terrorizmlə bağlı hallarda Sotland Yard tərəfindən həyata keçirilirdi.
Daxili işlər naziri Şabana Mahmudun sözlərinə görə, NPS ən son texnologiyalar və təcrübəli kadrlarla təchiz olunacaq, beləliklə təhlükəli cinayətkarların izlənməsi və saxlanılması sürətlənəcək, yerli polis orqanları isə ərazi üzrə cinayətkarlıqla daha çox məşğul ola biləcək. NPS rəhbəri isə Britaniyada ən yüksək vəzifəli polis əməkdaşı olacaq və avtomatik üz tanıma texnologiyası kimi qabaqcıl vasitələrin ölkə miqyasında tətbiqinə cavabdeh olacaq.
Milli Polis Rəhbərləri Şurası, Sotland Yard və onun antiterror bölməsi yeni orqanın yaradılmasını dəstəkləyib.