BAKI, 23 yanvar. TELEQRAF

G7 sammiti çərçivəsində Rusiya və Ukrayna arasında danışıqların təşkili məntiqsizdir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makronun müvafiq təklifini şərh edərkən bildirib.

Diplomat qeyd edib ki, Moskvanın G7 ilə bağlı fikri hamıya məlumdur. Rusiya hesab edir ki, bu format çoxdan öz faydalılığını itirib:

"Dünyada baş verən hadisələr sübut edir ki, bütün siyasi əhəmiyyətli qərarlar onun daxilində qəbul edilmir".

O, G7-nin Ukrayna münaqişəsinin həllinə konstruktiv töhfə verə bilməyəcəyinə əminliyini ifadə edib.

Onun sözlərinə görə, G7 ölkələrinin əksəriyyəti Rusiyaya qarşı düşmənçilik siyasəti yürüdür. Xüsusilə, onlar Ukraynaya hərtərəfli dəstək verir və bununla da döyüşləri uzadır.