BAKI, 23 yanvar. TELEQRAF

Avropa İttifaqının sammitində Arktikada döyüş əməliyyatları üçün yararlı silah və hərbi texnikanın, o cümlədən buzqıranların alınmasına başlanması qərara alınıb.

Teleqraf xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Qrenlandiya ətrafındakı vəziyyətə həsr olunmuş Aİ-nin fövqəladə sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, uzun müddət Arktikanın təhlükəsizliyinə kifayət qədər investisiya qoyulmayıb:

“Biz uzun illər Arktikanın təhlükəsizliyinə ciddi şəkildə az vəsait ayırmışıq. Bunu müdafiə fondlarımızdan istifadə etməklə düzəldəcəyik. Arktika şəraitinə uyğun silah və texnika, o cümlədən buzqıranlar almağı planlaşdırırıq”, - deyə fon der Leyen bildirib.