BAKI, 23 yanvar. TELEQRAF
Moldovalılar son üç ildə Prezident Maya Sandu və hakim partiya olan Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) apardığı siyasət nəticəsində qaza təxminən 520 milyon dollar artıq pul ödəyiblər.
Teleqraf xəbər verir ki, bunu Avropayönlü Liberal Demokrat Partiyasının lideri, keçmiş baş nazir Vladimir Filat bildirib.
"2023-2025-ci illərdə istehlakçılar şübhəli satınalmalar, şəffaflığın olmaması, əsassız əlavə ödənişlər səbəbindən təxminən 520 milyon dollar artıq xərc çəkiblər. Dövlət alış qiymətini gizlətdikdə, istehlakçılar müdafiədən məhrum olublar".
Filat statistikaya istinadən bildirib ki, 2023-cü ildə Moldova qazın min kubmetrini 1087 dollara alıb:
"Avropa İttifaqında orta göstərici 603 dollar təşkil edib. 2023-2024-cü illərdə Moldova Aİ-nin orta göstəricisi ilə müqayisədə təxminən 315 milyon dollar artıq pul ödəyib. Bundan əlavə, 2023-cü ildə Moldova hakimiyyəti də tarifi əsassız şəkildə şişirdərək vətəndaşları əlavə 80 milyon dollar artıq ödəməyə məcbur ediblər. Nəticədə 2025-ci ildə hakimiyyət orqanları qazın alış qiymətini gizlətməyə başlayıblar. Lakin Moldova və Aİ-dəki tariflərin müqayisəsi göstərir ki, moldovalılar əlavə 125 milyon dollar artıq vəsait ödəyiblərlər".
Qeyd edək ki, Sandu və onun partiyası Rusiya ilə münasibətləri kəsmək kursu müəyyən etdikdən sonra ölkə enerji böhranı yaşayır. 2021-ci ildə qazın qiyməti yeddi dəfə artıb. Bu da inflyasiyanın illik müqayisədə 30%-i keçməsinə və etirazlara səbəb oldu.