BAKI, 9 yanvar. TELEQRAF

Kiyev və regionda Rusiya tərəfindən həyata keçirilmiş böyükmiqyaslı hücumun nəticələrinin aradan qaldırılması davam edir.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında paylaşım edib.

Onun sözlərinə görə, hücum nəticəsində yalnız paytaxtda 4 nəfər həlak olub, 25-i isə yaralanıb:

"Ötən gecə 242 dron, 13 ballistik raket, bir "Oreşnik" orta mənzilli ballistik raket və 22 kruiz raketi enerji obyektləri və mülki infrastrukturu hədəf alıb. Yaralananlar arasında təhlükəsizlik və tibbi işçilər də var. Hücum zamanı Kiyevdə Qətər səfirliyinin binası da zədələnib".

Prezident əlavə edib ki, hazırda insanların istilik və elektrik təchizatının bərpası üçün bütün mümkün tədbirlər görülür.

Volodimir Zelenski dünya ictimaiyyətindən, xüsusilə də ABŞ-dən, Rusiyanın diplomatiyaya yönəldilməsi və hücumlara qarşı açıq reaksiya göstərilməsini tələb edib.