BAKI, 6 yanvar. TELEQRAF

ABŞ-nin Qrenlandiyaya hücumu NATO-nu daxildən sarsıdacaq, Rusiya isə bundan istifadə edəcək.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" qəzetindəki məqalədə qeyd olunur.

"ABŞ-nin Qrenlandiyaya hücumu real görünmür. Çünki ada ABŞ-nin NATO-dakı müttəfiqi Danimarkanın təsiri altındadır. Bununla belə Şimali Atlantika AlyansıMüqaviləsi iki Alyans üzvünün müharibə vəziyyətində olmasının hüquqi tərəflərini dəqiq müəyyən etmir" - məqalədə qeyd olunur.

Nəşr xatırladıb ki, Danimarkanın Baş naziri Mette Frederiksen əvvəllər ABŞ-ni Qrenlandiyaya hücum etməmək barədə xəbərdar edib və bunun bir NATO ölkəsinin digərinə hücumu kimi qiymətləndirib. Bundan əlavə, 2024-cü il seçki kampaniyası zamanı ABŞ prezidenti Donald Tramp "yaramaz" NATO üzvlərini müdafiə etməyəcəyini bildirmişdi.

Avropada daha böyük narahatlıq ABŞ müdafiə naziri Pit Heqsetin ABŞ-nin artıq əsas diqqətini Avropanı müdafiə etməyə yönəltməməsi barədə açıqlamasından qaynaqlanıb. 2025-ci ilin iyun ayında keçirilən NATO sammiti bu narahatlığı aradan qaldırmış kimi görünür.

Lakin "Chatham House" beyin mərkəzinin direktoru Marion Messmer jurnalistlərə NATO sammitinin ABŞ və müttəfiqləri arasındakı fikir ayrılıqlarını həll etmədiyini, sadəcə qarşıdurmanı ört-basdır etdiyini deyib.

"Bəli, sammit o mənada yaxşı keçdi ki, Rutte (NATO-nun baş katibi Mark Rutte - red) Trampı tərifləyən bir dil tapdı. Amma bu strategiyanın nə qədər davamlı olduğundan əmin deyiləm", - o bildirib.

Nəşr vurğulayır ki, diplomatik manevrlər və səs-küylü bəyanatlar kifayət qədər aydın deyil: "Venesuela rəhbəri Nikolas Maduronun tutulmasından sonra ABŞ-nin Qrenlandiyaya ərazi iddialarını yenidən irəli sürməsi diqqəti NATO-ya yönəldir. Çünki ABŞ Danimarkanın tarixi suverenliyinə açıq şəkildə meydan oxuyur. NATO-nun digər 31 üzvündən hər hansı birinin Qrenlandiyanı hərbi cəhətdən müdafiə etməsi ehtimalı olduqca aşağıdır. ABŞ bunu başa düşür və Trampın müşaviri Stiven Miller də təsdiqləyib ki, real dünya güclə idarə olunur. Bundan əlavə, Danimarkanın ABŞ-la qarşılaşmaq üçün kifayət qədər resursu yoxdur".

Nəşr qeyd edir ki, ABŞ-ın bütün silahlı qüvvələrdə 1,3 milyon aktiv hərbi qulluqçusu var, Danimarkada isə bu cəmi 13100 nəfərdir.

"ABŞ-nin Qrenlandiyaya mümkün müdaxiləsi Avropada və Şimali Atlantikada müdafiəni təmin etmək üçün nəzərdə tutulmuş 76 illik hərbi alyansın nüfuzuna xələl gətirə bilər. Rusiyanın Avropadakı NATO üzvlərinə qarşı təxribatları nəzərə alındıqda, bu, daha qlobal nəticələrə səbəb ola bilər".