BAKI, 4 yanvar. TELEQRAF

Yəməndə müstəqil dövlətin yaradılmasını müdafiə edən Cənub Keçid Şurası respublikanın beynəlxalq səviyyədə tanınmış hökuməti və Səudiyyə Ərəbistanı tərəfindən irəli sürülən, cənub məsələsinin nizamlanmasına həsr olunmuş konfransın Ər-Riyadda keçirilməsi təşəbbüsünü dəstəklədiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, Cənub Keçid Şurasının yaydığı bəyanatda bildirilir ki, qurum Səudiyyə Ərəbistanının cənub qüvvələri arasında dialoqa sponsorluq etmək təklifini müsbət qarşılayır. Şuranın rəhbərliyi hesab edir ki, Ər-Riyadın təşəbbüsü Cənub Keçid Şurasının Yəmənin cənubunda müstəqil dövlət yaratmaq niyyəti ilə bağlı son bəyanatına uyğundur.

Bəyanatda vurğulanır ki, Milli Xartiyanı imzalayan tərəfdaşlarla birlikdə Cənub Keçid Şurası cənubun maraqları naminə bu dialoqda və ya istənilən digər dialoq formatında iştirak etməyə hazırdır və bu təşəbbüsü real imkan kimi dəyərləndirir.

Qeyd edək ki, Yəməndə vəziyyət 2025-ci ilin dekabr ayının əvvəlində, Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi CKŞ-nin ölkənin şərqində yerləşən Hadramaut və Əl-Məhra vilayətlərinə nəzarəti ələ keçirməsindən sonra kəskinləşib. Cənub Keçid Şurası sədri Aydarus əz-Zubeydi növbəti mərhələdə Yəmənin cənubunda gələcək dövlətin institutlarının formalaşdırılmasının planlaşdırıldığını bildirib.

Dekabrın 27-də Yəmən Prezident Rəhbərlik Şurasının sədri Rəşad Məhəmməd əl-Əlimi Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyadan hərbi yardım istəyib. Daha sonra o, BƏƏ ilə birgə müdafiə sazişinin ləğvi barədə fərman imzalayaraq, əmirlik qüvvələrinin 24 saat ərzində ölkə ərazisindən çıxarılmasını tələb edib. Bunun ardınca Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi BƏƏ-ni Yəmənin şərqində qiyamı dəstəkləməkdə ittiham edərək bunu öz milli təhlükəsizliyinə təhdid adlandırıb.

Dekabrın 30-da BƏƏ Müdafiə Nazirliyi Yəməndə antiterror tapşırıqları yerinə yetirən məhdud kontingentin fəaliyyətinin dayandırıldığını və hərbçilərin yanvarın 2-də tam çıxarıldığını elan edib.

Yanvarın 2-də Hadramaut vilayətinin qubernatoru Salem əl-Hanbaşi separatçıların nəzarətində olan hərbi düşərgələrin hökumət qüvvələrinə təhvil verilməsi məqsədilə əməliyyata başlandığını bildirib. Həmin gün Cənub Keçid Şurası iki illik keçid dövrünün başladığını elan edib. Bu müddətin sonunda paytaxtı Ədən olmaqla “Cənubi Ərəbistan” adlı müstəqil dövlətin elan edilməsi planlaşdırılır. Bildirilir ki, bu dövlət 1967–1990-cı illərdə mövcud olmuş Yəmən Xalq Demokratik Respublikasının sərhədləri daxilində yaradılacaq.

Şənbə günü əl-Əlimi böhranın nizamlanması məqsədilə Yəmənin cənub siyasi qüvvələrinin Ər-Riyadda ümumi konfransının keçirilməsini təklif edib. Səudiyyə Ərəbistanının XİN-i təşəbbüsü dəstəkləyərək, hərtərəfli həllin yalnız dialoq yolu ilə mümkün olduğunu vurğulayıb. Yanvarın 3-ü axşam saatlarınadək hökumət qüvvələri Hadramaut və Əl-Məhra vilayətləri üzərində nəzarəti bərpa edərək separatçıları sıxışdırıb və bütün strateji obyektləri ələ keçirib.