BAKI, 26 mart. TELEQRAF
İranda baş verən münaqişə və Hörmüz boğazının bağlanması səbəbindən dünyada neft hasilatı COVID-19 pandemiyası dövründəki səviyyədən də aşağı düşüb.
Teleqraf xəbər verir ki, bu barədə “Rystad Energy” konsaltinq şirkətinin TASS-a təqdim etdiyi hesabatda qeyd olunub.
Bildirilir ki, ümumilikdə neft hasilatı pandemiya dövrünün minimum səviyyəsindən də aşağı enib və itkilər gündə 10 milyon barelə çatıb.
Şirkətin neft üzrə baş analitiki Paola Rodriguez-Masiu qeyd edib ki, bazar indiyədək bir sıra amillər hesabına nisbi dayanıqlılıq nümayiş etdirib. Bunlara əvvəlcədən hasil edilmiş artıq neft ehtiyatları, o cümlədən Fars körfəzini zərbələrdən əvvəl tərk edən tankerlər və qiymət artımını müvəqqəti cilovlayan “siyasi neft ehtiyatları” daxildir.
Onun sözlərinə görə, bu mərhələ artıq başa çatır və sərbəst hasilat gücləri əsasən boğazdan kənarda “kilidləndiyi”, ehtiyatlar isə azaldığı üçün sistem daha həssas vəziyyətə keçib.
Hesabatda qeyd olunur ki, qlobal neft sistemi artıq üç həftə əvvəl olduğu kimi şokları absorbsiya etmək qabiliyyətini itirib.