BAKI, 28 dekabr. TELEQRAF

"İndi ilin ən gərgin diplomatik günləridir. Çox şey Yeni ilə qədər həll oluna bilər və biz bunun üçün hər şeyi edirik. Amma qərarların qəbul edilməsi Ukraynanın tərəfdaşlarından, dəstək verən ölkələrdən və Rusiyaya təzyiq göstərən dövlətlərdən asılıdır".

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.

O bildirib ki, yalnız son bir həftə ərzində Rusiya Ukraynaya qarşı 2 100-dən çox zərbə PUA-sı, təxminən 800 idarəolunan aviabomba və 94 raket istifadə edib. Onun sözlərinə görə, hücumların əsas hədəfi mülki əhali və enerji infrastrukturu olub.

Dövlət başçısı qeyd edib ki, Ukraynada fövqəladə xidmətlər, enerji işçiləri və xilasetmə qrupları 24 saat rejimində işləyir və enerji təchizatının bərpası üçün səylər davam edir. Bununla yanaşı, o, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi, siyasi təzyiqin artırılması və Ukraynaya hava hücumundan müdafiə vasitələrinin verilməsinin vacibliyini vurğulayıb.

Prezident bildirib ki, məqsəd müharibənin başa çatdırılmasına və uzunmüddətli təhlükəsizliyin təmin olunmasına yönəlmiş addımların yekunlaşdırılmasıdır:

"Biz bu məsələlərlə bağlı tərəfdaşlarla danışıqları davam etdirəcəyik. Kömək edən hər kəsə təşəkkür edirəm".