BAKI, 28 dekabr. TELEQRAF

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-yə səfəri zamanı Vaşinqtondan Qəzza sektorunda yeni hərbi əməliyyatın keçirilməsi üçün dəstək istəyə bilər.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Netanyahu ABŞ-də olduğu müddətdə Ağ Evin sahibi Donald Trampla danışıqlar aparmağı planlaşdırır və növbəti mərhələyə keçməzdən əvvəl Qəzza sektorunda əlavə hərbi əməliyyat üçün Vaşinqtonun dəstəyini qazanmağa çalışa bilər.

Telekanalın qeyd etdiyinə görə, belə bir əməliyyat İsrail baş naziri üçün son güc nümayişi kimi vacibdir və bu addım onun gələcək güzəştlərə getməzdən əvvəl koalisiya tərəfdaşlarını razı salmasına xidmət edə bilər.

CNN vurğulayır ki, Netanyahu növbəti mərhələdə sülh planının icrasına razılıq verməzdən öncə siyasi mövqelərini möhkəmləndirməyə çalışır və mümkün yeni əməliyyat bu strategiyanın tərkib hissəsi ola bilər.