BAKI, 28 dekabr. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində irəliləyərək Kupyansk şəhərinin böyük hissəsini azad edib. Rusiyanın isə uğursuzluqlarını ört-basdır etməyə çalışdığı bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

ISW-nin analitiklərinə görə, dekabrın ikinci yarısında yayımlanan geolokasiya videoları Ukrayna qüvvələrinin P-07 (Kupyansk-Şevçenkove) və P-79 (Kupyansk-Çuquyiv) magistralları boyunca irəliləyişini göstərir. Bu, Ukrayna rəsmilərinin şəhərdə əldə etdiyi uğurları təsdiqləyir.

Hazırda Ukrayna Silahlı Qüvvələri şəhərin şimal hissələrini təmizləyir və ölkə artıq əsas dəmiryol düyününün böyük hissəsini nəzarətdə saxlayır ki, bu da şərq cəbhəsinin logistikasına təsir edir.

ISW qeyd edir ki, rus hərbi bloqerları artıq Ukraynanın uğurlarını etiraf edir və Rusiya Müdafiə Nazirliyini yanlış məlumat yaymaqda ittiham edirlər. Analitiklər hesab edirlər ki, Moskva ABŞ ilə davam edən sülh danışıqlarında mövqeyini zəiflətməmək üçün Kupyanskda uğursuzluqları gizlətmək istəyir.