BAKI, 28 dekabr. TELEQRAF
Somali Prezidenti Həsən Şeyx Mahmud İsrailin Somalilendin müstəqilliyini tanıması qərarının Afrika Buynuzu regionunda sabitliyi təhlükə altına qoyduğunu bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə Həsən Şeyx Mahmud İsrailin qərarı ilə əlaqədar çağırılan milli parlamentin hər iki palatasının fövqəladə iclasında çıxışı zamanı bildirib.
Prezidentin sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahunun Somalinin şimal regionunun bir hissəsini tanıması beynəlxalq hüquqa ziddir və bu addım bütün dünyada separatçı hərəkatları təşviq edir. O qeyd edib ki, bu qərar Afrika Buynuzunun təhlükəsizliyi və sabitliyi üçün ciddi təhdid yaradır.
Mahmud İsrailə Yaxın Şərqdəki müharibələrin Somaliyə daşınmasının yolverilməzliyi barədə xəbərdarlıq edib və vurğulayıb ki, Somalilendin tanınması Somalinin suverenliyinin ən ciddi şəkildə pozulmasıdır.
Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu dekabrın 26-da İsrailin Somalilendi müstəqil və suveren dövlət kimi tanıdığını açıqlamışdı.