BAKI, 26 dekabr. TELEQRAF
Ukraynada seçkilərin və referendumun keçirilməsinə hazırlıqla bağlı yaradılan işçi qrupu dekabrın 26-da ilk iclasını keçirəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ali Radanın spikerinin birinci müavini Aleksandr Kornienko məlumat verib.
Onun sözlərinə görə, işçi qrupun tərkibində təxminən 60 nəfər yer alır. Qrup hərbi vəziyyət dövründə və müharibədən sonrakı mərhələdə seçkilərin və referendumların təşkili məsələlərini müzakirə edəcək.
Kornienko daha əvvəl işçi qrupa şəxsən rəhbərlik edə biləcəyini də bildirmişdi.
Eyni zamanda Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin müşaviri Mixail Podolyak qeyd edib ki, ölkənin hazırda seçkilərin keçirilməsi üçün maliyyə imkanları yoxdur. Onun sözlərinə görə, bu xərclər digər dövlətlər tərəfindən qarşılanmalıdır. Podolyak bildirib ki, işçi qrup və Mərkəzi Seçki Komissiyası seçkilərin keçirilməsi üçün tələb olunan vəsaitin həcmini hesablamalıdır.
Qeyd edək ki, Volodimir Zelenskinin prezident səlahiyyətləri rəsmi olaraq 2024-cü il mayın 20-də başa çatıb. Lakin Kiyev hərbi vəziyyətin davam etməsini əsas gətirərək seçkilərin keçirilməsindən imtina edib.