BAKI, 6 dekabr. TELEQRAF
Almaniya Bundestaqı ölkədə hərbi xidmət modelinin modernləşdirilməsinə dair qanun layihəsini təsdiqləyib. Qanun 1 yanvar 2025-dən etibarən bütün 18 yaşlı kişilərin hərbi xidmətə yararlılıq üzrə məcburi yoxlanışdan keçməsini nəzərdə tutur.
Teleqraf xəbər verir ki, dəyişikliklərə baxmayaraq, qanun ümumi səfərbərlik və ya məcburi çağırışı ehtiva etmir. Müdafiə naziri Boris Pistorius bildirib ki, yeni model kifayət qədər könüllü cəlb etməsə, parlament məcburi çağırış məsələsinə yenidən baxmalı olacaq.
Qanun layihəsinin müzakirəsi fonunda ölkənin 90 şəhərində minlərlə məktəbli “məktəb tətili” formatında aksiyalar keçirərək qərara etiraz edib. Təhsil qurumları dərsdən yayınmanın il sonu qiymətlərə təsir edə biləcəyi barədə xəbərdarlıq edib.
SPD nümayəndəsi Simtje Möller etirazçıların narahatlıqlarını “populist təbliğat” adlandırıb:
“Biz heç kimi məcburi hərbi xidmətə göndərmirik və lotereya ilə kimisə Ukraynaya yollamaq barədə qərar verilmir”.
Hazırda Almaniyanın silahlı qüvvələrində 182 min aktiv hərbçi və 50 minə yaxın rezervist var. Hökumət yeni model sayəsində bu rəqəmi 460 minə çatdırmağı hədəfləyir.
Qanun Bundestaqda 323 səslə qəbul edilib, 272 deputat buna qarşı çıxıb. Qanunun əleyhinə səs verənlər arasında AfD və “Sol Partiya”nın nümayəndələri olub. “Sol Partiya”dan Dezire Bekker 18 yaşlıların anket doldurmağa məcbur edilməsini “şərti könüllülük” adlandırıb.
Səsvermə eyni zamanda ölkədə dövlət pensiyası sisteminin dəyişdirilməsi ilə bağlı mühüm qərarın qəbulundan əvvəl baş tutub. Pensiya qanunu da sərt müzakirələrdən sonra 319 səslə qəbul edilib.