BAKI, 2 dekabr. TELEQRAF

Qara dənizdə daha bir kommersiya gəmisi hücuma məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, günəbaxan yağı daşıyan "Midvolga-2" adlı tanker Rusiyadan Gürcüstana yollanarkən insident baş verib.

Hadisə Türkiyə sahillərindən təxminən 80 mil məsafədə qeydə alınıb.

Qeyd edilib ki, gəmidə olan 13 heyət üzvünün səhhətində hər hansı problem yoxdur və tanker yardım tələb etməyib. Hazırda mühərrikləri işlək vəziyyətdə olan gəmi Türkiyənin Sinop şəhəri istiqamətində hərəkətini davam etdirir.

Nazirlik insidentlə bağlı əlavə araşdırmaların aparıldığını açıqlayıb.

Xatırladaq ki, noyabrın 29-da "VİRAT" və "Kairos" tankerinə də Qara dənizdə hücum edilib.