BAKI, 27 noyabr. TELEQRAF

Fələstin hərəkatı Həmas İsraili Rəfah yaxınlığında tunellərdə mühasirədə qalan döyüşçülərlə bağlı problemin həlli üçün vasitəçilərin apardığı danışıqları pozmaqda ittiham edib.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın yaydığı rəsmi bəyanatda bildirilib.

Açıqlamada qeyd olunur ki, son bir ay ərzində HƏMAS müxtəlif siyasi liderlər və vasitəçilərlə birlikdə Rəfah bölgəsində blokadada qalan döyüşçülərin geri qaytarılması üçün fəal səylər göstərib, konkret mexanizm və təkliflər təqdim edib, həmçinin vasitəçilər və atəşkəsin təminatçılarından biri kimi ABŞ administrasiyası ilə daimi əlaqə saxlayıb.

Lakin hərəkatın iddiasına görə, İsrail beynəlxalq aktorların iştirakı ilə aparılan vasitəçilik prosesini sabotaj edib.

HƏMAS vurğulayıb ki, İsrailin Rəfah ətrafında tunellərdə mühasirədə qalmış döyüşçüləri öldürməsi və saxlaması Qəzza zolağında atəşkəs razılaşmasının kobud şəkildə pozulmasıdır. Hərəkat vasitəçiləri İsrailə təzyiq göstərməyə və tərəfdarlarının evlərinə qayıtmasına imkan yaratmağa çağırıb.