BAKI, 18 noyabr. TELEQRAF

İsrail Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət edərək prokuror Karim Xanının İsraillə bağlı işlərdən kənarlaşdırılmasını və Baş nazir Benyamin Netanyahunun həbsi üçün verilmiş orderin ləğvini tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

İsrailin təqdim etdiyi vəsatətdə bildirilir ki, BCM prokurorunun Netanyahyu və keçmiş müdafiə naziri Yoav Qalant haqqında çıxardığı həbs orderləri əsassız və qeyri-qanunidir.

İsrail XİN-in açıqlamasında qeyd edilir ki, vəsatət BCM-in yurisdiksiyasının tanınmamasına dair əvvəlki mövqelərə təsir etmir. Qurum iddia edir ki, prokuror Karim Xan İsrailə qarşı şəxsi və qeyri-etik motivlərlə hərəkət edib.

Məlumata görə, İsrail tərəfi prokuroru öz tabeliyində olan əməkdaşa qarşı cinsi təcavüz iddialarından diqqəti yayındırmaq məqsədilə İsrailə qarşı yalan və əsassız ittihamlar irəli sürməkdə suçlayır. İsrail XİN bildirir ki, məhz bu kontekstdə Netanyahyu və Qalant barədə əsassız və təxribat xarakterli həbs orderləri verilib.