BAKI, 18 noyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının vəliəhdi və baş naziri Məhəmməd bin Salman ABŞ-yə işgüzar səfəri öncəsi İran prezidenti Məsud Pezeşkiandan məktub alıb.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbstanı Rəsmi İnformasiya Agentliyi məlumat yayıb.
Məktubun məzmunu açıqlanmayıb.
Krallığın Kanselyariyası vəliəhdin 17 noyabrda ABŞ-yə yollandığını bildirib. Onun 18 noyabrda ABŞ prezidenti Donald Tramp ilə görüşü planlaşdırılır.
"Bloomberg"in məlumatına görə, Ər-Riyad Vaşinqtondan Qətərə verilmiş təhlükəsizlik təminatlarına bənzər təminatlar almağa çalışır. Sentyabrda Tramp ABŞ-nin Qətər əleyhinə istənilən silahlı hücumu özünün təhlükəsizliyinə təhdid kimi qiymətləndirəcəyinə dair sənəd imzalamışdı.
Vəliəhdin səfəri öncəsi Tramp həmçinin bəyan etmişdi ki, ABŞ Səudiyyə Ərəbistanına beşinci nəsil F-35 qırıcılarının satışını planlaşdırır.