BAKI, 8 noyabr. TELEQRAF

Ərəb ölkələri Qəzza zolağının ABŞ şərtləri ilə yenidən qurulmasına qarşı çıxıblar.

Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" mənbələrə istinadən yazır.

“Ərəb ölkələri ABŞ-nin dəstəklədiyi anklavın İsrailin nəzarətində olan hissəsində “Yeni Qəzza”nın yenidən qurulması təklifinə qarşı çıxırlar və bunun Fələstin ərazisinin uzunmüddətli bölünməsinə gətirib çıxara biləcəyindən ehtiyat edirlər”, - nəşr qeyd edib.

Bundan əvvəl HƏMAS-ın ABŞ Prezidenti Donald Trampın Qəzzada münaqişəyə son qoymaq planında nəzərdə tutulduğu kimi tərksilahla bağlı zəmanət verməkdən imtina etdiyi bildirilirdi.

Oktyabrın 13-də D.Tramp Qəzzada münaqişənin bitdiyini elan edib. Lakin daha sonra o, Fələstinin radikal HƏMAS hərəkatı tərksilah etməkdən imtina edərsə, İsrail ordusunun Qəzza zolağında əməliyyatları bərpa edəcəyi ilə hədələyib.