BAKI, 1 aprel. TELEQRAF
ABŞ-nin Nyu-York ştatının Uayt-Pleyns şəhərində 65 yaşlı kişi saxlanılıb, onun evində 25 ədəd əl istehsalı partlayıcı qurğu tapılıb.
Teleqraf xəbər verir ki, bu barədə "CBS News" telekanalı məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxs Reymond Eldersdir. Qonşular ərazidə bir neçə partlayış səsi eşitdikdən sonra polisə müraciət ediblər. Polis hadisə yerinə gəldikdən sonra 65 yaşlı kişini saxlayıb və onun evində partlayıcı qurğuların hazırlanması üçün istifadə edilən materiallar aşkar edib.
Telekanalın bildirdiyinə görə, prokurorluğun əlində təhlükəsizlik kamerası görüntüləri də var. Həmin görüntülərdə Eldersin küçədə əlində ehtimal olunan partlayıcı qurğu və alışdırıcı ilə göründüyü, daha sonra qurğunu yandıraraq kənara çəkildiyi və partlayış baş verdiyi iddia olunur.