BAKI, 10 oktyabr. TELEQRAF
ABŞ Qəzza zolağında atəşkəs razılaşmasının yerinə yetirilməsinə nəzarət etmək üçün İsrailə təxminən 200 hərbçi göndərəcək.
Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" agentliyi Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ rəhbərliyi İsraildə hərbi-sivil koordinasiya mərkəzi yaradacaq. Mərkəz humanitar yardımın Qəzzaya çatdırılması, eləcə də logistika və təhlükəsizlik məsələlərinin əlaqələndirilməsini həyata keçirəcək.
Bildirilir ki, missiyaya ABŞ-nin tərəfdaş ölkələrinin hərbçiləri, eləcə də qeyri-hökumət təşkilatlarının və özəl şirkətlərin nümayəndələri də daxil ediləcək.
"Reuters"ın məlumatına görə isə ABŞ hərbçiləri birbaşa Qəzza ərazisində yerləşdirilməyəcək. Missiyada həmçinin Misir, Qətər, Türkiyə və ehtimal ki, Birləşmiş Ərəb Əmirliklərinin hərbçiləri də iştirak edəcəklər.