BAKI, 10 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp cümə günü paytaxt yaxınlığında yerləşən Uolter Rid Hərbi Tibb Mərkəzində növbəti tibbi müayinədən keçəcək.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Finlandiya prezidenti Aleksander Stubb ilə görüşü zamanı jurnalistlərin sualını cavablandırarkən bildirib.

“Bu, mənim hər altı aydan bir keçdiyim rutin müayinələrdən biridir. Özümü əla formada hiss edirəm, lakin nəticələri sizə bildirəcəyəm. Mənim fiziki və zehni sağlamlığımla bağlı heç bir problemim yoxdur”, – ABŞ lideri qeyd edib.

Xatırladaq ki, Trampın sonuncu tibbi müayinəsi aprelin 11-də keçirilmişdi. Həkiminin sözlərinə görə, prezident əla fiziki və idrak sağlamlığı nümayiş etdirib və öz vəzifələrini icra etmək üçün tam yararlıdır.