BAKI, 19 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İrana hücum planını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bunu Birləşmiş Ştatların “The Wall Street Journal” nəşri yazıb.

Məlumata görə, Ağ Evdə keçirilən xüsusi iclasda D.Tramp ordu rəhbərliyinin təqdim etdiyi planı imzalayıb. Baş Qərargahın hazırladığı sənəddə ABŞ ordusunun İrandakı hədəfləri, bu hədəfləri ləğv etmək üçün hansı təyyarələrdən və silahlardan istifadə edilməsi barədə bir çox detallar yer alıb.

Ancaq ABŞ Prezidenti planın icrası ilə bağlı qərar verməyi təxirə salıb.

“Donald Tramp İranın nüvə proqramından tamamilə imtina etməsi üçün ən effektli yolun ABŞ-nin münaqişəyə qoşulması olduğunu düşünür. O, belə bir mövqeyə sahibdir”, - nəşr yazıb.

İyunun 18-dən etibarən ABŞ-nin ağır bombardman, eləcə də təchizat təyyarələrinin Aralıq dənizindən şərqə uçduğu məlum olub. Bu da ABŞ-nin İrana hərbi müdaxiləyə qoşulacağı barədə gümanları möhkəmləndirir.