BAKI, 5 iyun. TELEQRAF
Almaniya Kansleri Fridrix Merts Ukrayna münaqişəsindən danışarkən müttəfiqlərin İkinci Dünya müharibəsi zamanı 1944-cü ildə öz qoşunlarını Normandiya sahillərinə çıxarmasının ildönümünü və ABŞ-nin həmin əməliyyatdakı rolunu xatırladıb.
"Mən xatırlatmaq istərdim ki, sabah, 6 iyun - “D-Day”dir", - o, ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evin Oval kabinetində keçirilən görüşdə bildirib.
"Düşünürəm ki, Ukraynada müharibəni dayandırmaq onların (amerikalıların - red.), həmçinin bizim əlimizdədir", - Merts iddia edib.
Kansler Almaniyanın nasistlərdən azad edilməsinin müttəfiq qoşunlarının Normandiya sahillərinə çıxması ilə əlaqələndirib. "Məhz buna görə deyirəm ki, ABŞ yenidən çox güclü mövqedədir və bu müharibəyə son qoymaq üçün nəsə edə bilər. Biz, bu müharibəni bitirmək üçün birlikdə nə edə biləcəyimizi müzakirə etməliyik", - kansler bəyan edib. O, Trampı bu mənada "əsas fiqur" adlandırıb.
Merts bir daha vurğulayıb ki, Almaniya Kiyevi dəstəkləməyə davam edəcək. "Mənim mövqeyim aydındır: biz Ukraynanın tərəfindəyik", - o deyib.