BAKI,16 may. TELEQRAF
Bu gün Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiya nümayəndə heyətləri arasında görüş keçirilməsi gözlənilir.
Teleqraf xəbər verir ki, danışıqlar Türkiyə Prezidentinin İstanbuldakı rəsmi ofisi olan Dolmabahçe Sarayında keçiriləcək.
Bundan əlavə Rusiya, Ukrayna, ABŞ və Türkiyənin iştirakı ilə dördtərəfli görüş də nəzərdə tutulur. Gorüşdə Türkiyə xarici işlər naziri Hakan Fidan və ABŞ Dövlət katibi Marko Rubionun iştirakı gözlənilir.
Ukrayna-Rusiya nümayəndələrinin görüşü saat Bakı vaxtı ilə 11:00-ə təyin edilib. Danışıqlar mətbuat üçün qapalı olacaq.
Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edəcək. Heyətə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.
Ekspertlər qrupuna isə Baş Qərargahın informasiya idarəsi rəisinin birinci müavini Aleksey Zorin, Prezident Administrasiyasının humanitar siyasət üzrə idarə rəisinin müavini Yelena Podobreyvskaya, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə İkinci Departamentinin direktoru Aleksey Polişuk və Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq baş idarəsi rəisinin müavini Vitali Şevtsov daxil edilib.
Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov rəhbərlik edir. Heyətə həmçinin xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa, Təhlükəsizlik Xidmətinin sədr müavini Aleksandr Poklad, Baş Qərargah rəisinin müavini Oleksiy Şevçenko, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rəis müavini Vadim Skibitski, Xarici Kəşfiyyat Xidmətinin birinci sədr müavini Oleh Luhovski, eləcə də Silahlı Qüvvələrin Baş Qərargahı, Hərbi Hava və Dəniz Qüvvələri və Müdafiə Nazirliyinin nümayəndələri, Prezident Ofisinin müşaviri Oleksandra Oleksandrova daxildir.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevral ayının 22-də başlayıb. Bir müddət sonra hərbi əməliyyatların dayandırılması və sülh sazişinin imzalanması üçün tərəflər arasında bir neçə dəfə danışıqlaraparılıb. Bu danışıqlardan ikisi Belarusda, biri Türkiyədə baş tutub. Həmin ilin fevral-mart aylarında Rusiya və Ukrayna nümayəndə heyətləri Belarusun Belovejskaya Puşşa və Brest şəhərlərində görüşüblər. Martın 22-də isə Türkiyənin İstanbul şəhərində bir araya gəliblər. Hər üç görüş nəticəsiz başa çatıb. Ötən ilin noyabrında ikinci dəfə ABŞ Prezidenti seçilən Donald Tramp yenidən tərəfləri bir araya gətirməyə çalışır. Onun birbaşa danışıqlar təklifinə cavab verən Rusiya Prezidenti Vladimir Putin 2025-ci il mayın 11-də İstanbul danışıqlarının davam etdirilməsi təklifini irəli sürüb. Ukrayna Prezidenti Volodimir Zelenskinin rusiyalı həmkarına cavabı müsbət olub. Ukrayna lideri mayın 15-də Rusiya Prezidentini İstanbulda gözlədiyini bəyan eləsə də, Kreml sonradan Vladimir Putinin Türkiyəyə səfər etməyəcəyini açıqlayıb. Rusiya və Ukraynanın daha aşağı səviyyəli nümayəndə heyətlərinin bu gün İstanbulda bir araya gələcəyi gözlənilir.
Bu, 2022-ci il martın 22-dən sonra tərəflər arasında ilk birbaşa görüş olacaq.