BAKI. 19 aprel. TELEQRAF

Yəmənin husilərin nəzarətində olan sahillərindəki neft terminalına ABŞ-nin hücumu zamanı Türkiyə şirkətinə məxsus yanacaq daşıyan gəmiyə də qəlpələr dəyib.

Teleqraf xəbər verir ki, bu barədə “Demirören” xəbər agentliyi (DHA) məlumat yayıb.

Məlumata görə, hadisə aprelin 17-də axşam saatlarında baş verib. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyi və Türkiyənin Sanadakı səfirliyi lazımi addımlar atıldığını açıqlayıb.

Olay zamanı gəmiyə ciddi ziyan dəymədiyi bildirilir. Hücumdan sonra ərazini tərk etmək istəyən Türkiyə gəmisinə limana nəzarət edən qrup icazə verməyib.

Bildirilir ki, gəmidə 26 ekipaj üzvündən 4-ü, o cümlədən kapitan Türkiyə vətəndaşı, digər 22 nəfər isə hindistanlı olub.

Ekipaj üzvlərinin hamısının vəziyyətinin yaxşı olduğu vurğulanır.