BAKI, 19 aprel. TELEQRAF

Avropa ölkələrinin Ukraynada silah istehsalına birbaşa sərmayə qoyduğu məlum olub.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Avropa İttifaqı (Aİ) rəsmilərinə istinadla məlumat yayıb.

Nəşr yazır ki, Avropa dövlətlərinin əksəriyyəti Ukraynaya silah göndərməkdə çətinlik çəkir, çünki illərlə davam edən dəstək nəticəsində artıq öz ehtiyatları tükənib.

Müharibənin gələcəyi getdikcə daha da qeyri-müəyyən hal aldığı üçün artıq avropalı müttəfiqlər Ukrayna istehsalı olan haubitsalara birbaşa investisiyalar yönəldirlər.

Aİ-nin Ukraynadakı səfiri Katarina Maternovanın sözlərinə görə, Ukraynada silah istehsalı həm daha ucuz, həm də daha sürətlidir.

“Əlavə olaraq, nəqliyyat və logistika xərcləri azalır, zaman qazanılır və Ukrayna iqtisadiyyatının böyüməsinə töhfə verilir”, - siyasətçi qeyd edib.

Bildirilib ki, qitə ölkələrinin bəziləri öz hərbi sənayesini genişləndirməkdənsə, hazırda Ukrayna hərbi sənayesinə sərmayəni üstün tutur.