BAKI, 19 aprel. TELEQRAF.

Aprelin 19-da Romada İran-ABŞ danışıqlarının növbəti raundu keçiriləcək.

Teleqraf xəbər verir ki, aprelin 12-də Omanda İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün Tehran və Vaşinqton nümayəndələri arasında danışıqlar keçirilib.

İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edib. İslam Respublikasının Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş konstruktiv və sakit şəraitdə keçib və tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. Danışıqların ikinci raundu aprelin 19-da Romada baş tutacaq.

Qeyd edək ki, ABŞ Dövlət katibi Marko Rubio və ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals Tehranın nüvə silahı hazırlaya biləcəyi iddia edilən İran obyektlərinə zərbələr endirilməsinin tərəfdarıdır. Bu barədə "Washington Post" öz mənbələrinə istinadən məlumat yayıb.

Dövlət başçısı Donald Tramp isə məsələləri sülh yolu həll etməyin tərəfdarı kimi çıxış edir.

ABŞ kəşfiyyatının hesablamalarına görə, İran nüvə silahı yaratmaq niyyətində deyil və onun obyektlərinin bombalanması genişmiqyaslı regional müharibəyə gətirib çıxaracaq. Qəzet yazır ki, İsrail kəşfiyyatı Tehranın yüksək zənginləşdirilmiş uranın istehsalını sürətlə artırmasına baxmayaraq, İranın ali lideri Əli Xameneyinin nüvə silahı yaratmağa icazə vermədiyini güman edir.