BAKI, 17 aprel. TELEQRAF

Vaşinqton və Kiyev aprelin 24-də Ukrayna mineral ehtiyatları haqqında saziş imzalayacaqlar.

Teleqraf CNN-ə istinadən xəbər verir ki, bu barədə Prezident Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib.

"Bizim faydalı qazıntılar üzrə sazişimiz var, mən inanıram ki, saziş yaxın vaxtlarda - gələn cümə axşamı (24 aprel) bağlanacaq. İnanıram ki, onlar müqaviləyə əməl edəcəklər", - Amerika lideri bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün onlayn görüş zamanı Kiyev və Vaşinqtonun mineral ehtiyatlar üzrə sazişin bir hissəsi kimi niyyət memorandumu imzalaya biləcəyini bildirib .

Öz növbəsində ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, bu həftə Ukrayna ilə resurs sazişi imzalana bilər.

Onun sözlərinə görə, əsas şərtlər, o cümlədən aktivlərə nəzarət və maliyyə yardımının ödənilməsi mexanizmi ilə bağlı fikir ayrılıqlarına baxmayaraq, danışıqlar davam edir.