
BAKI, 17 aprel. TELEQRAF
Rusiya Xarici İşlər Nazirliyi Moskvada hamam kompleksində aparılan yoxlamaya münasibət bildirib.
Teleqraf xəbər verir ki, bu barədə RİA Novosti məlumat verib .
Məlumatda bildirilir ki, Moskvada hamam kompleksinin hüquq-mühafizə orqanları tərəfindən yoxlanılması planlaşdırılıb və heç bir ölkənin vətəndaşlarına qarşı yönəlməyib.
"Aprelin 10-da hüquq-mühafizə orqanları paytaxtda təhlükəsizliyin və ictimai asayişin qorunması istiqamətində aparılan davamlı işlər çərçivəsində ictimai obyektlərə planlı baxış keçirib. Nəticədə əcnəbilərin demək olar ki, yarısının ölkəmizdə qanunsuz olduğu məlum olub. Əməliyyat zamanı xarici vətəndaşlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərib", - deyə, məlumatda qeyd olunur.
Qeyd edək ki, aprelin 14-də Rusiya səfiri Sergey Vakunov Qırğızıstan Xarici İşlər Nazirliyinə çağırılıb. Diplomata nota təqdim edilib və Rusiya təhlükəsizlik qüvvələrinin hərəkətlərini yoxlamaq istənilib.
Aprelin 11-də polislər Moskvada "Bodrost" hamam-kompleksinə basqın ediblər, orada qırğızlar da daxil olmaqla onlarla miqrant saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının gəlişinə səbəb kimi rusların hamama buraxılmaması göstərilib.
Bundan əvvəl Qırğızıstan Xarici İşlər Nazirliyi Moskva hamamında respublika vətəndaşlarının həbsinə münasibət bildirib .