
BAKI, 27 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ikinci hakimiyyət müddətində hökumətin ilk iclasını keçirib.
Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
İclasda Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask da iştirak edib.
Donald Tramp hökumət üzvü olmayan Maskı və Dövlət katibi Marko Rubionu indiyədək göstərdiyi səylərə görə xüsusi olaraq tərifləyib.
Ağ Evdə 1 saatdan çox davam edən iclas zamanı Avropa ilə bağlı gömrük rüsumları, immiqrasiya və Ukraynadakı müharibə də daxil olmaqla, bir sıra mövzular müzakirə olunub.
Avropa İttifaqının ABŞ-ni məhv etmək üçün qurulduğunu vurğulayan Tramp, ittifaqa üzv ölkələrə, o cümlədən, Kanada və Meksikaya 25 faiz gömrük vergisi tətbiq olunacağını açıqlayıb.
Qərarın aprel ayından qüvvəyə minməsi gözlənilir.
“Onlar (Aİ) bizim avtomobillərimizi, kənd təsərrüfatı məhsullarımızı qəbul etmirlər və bunun üçün bütün səbəblərdən istifadə edirlər. Biz isə onların hər şeyini qəbul edirik və ittifaqla təxminən üç yüz milyard dollar kəsirimiz var”, - Tramp diqqətə çatdırıb.
Ukraynadakı müharibədən danışan Tramp sülh üçün Kiyev və Moskvadan nələr tələb olunacağı ilə bağlı təfərrüatları açıqlamayıb.
Prezident əlavə olaraq bildirib ki, artıq Kiyev NATO-ya üzv olmağı unutmalıdır.