ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Türkiyə-Amerika münasibətlərindəki bəzi mövzulara və Xarici işlər naziri Mövlud Çavuşoğlunun may ayında Vaşinqtona səfərinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Prays Türkiyənin mühüm NATO müttəfiqi olduğunu və son vaxtlar ABŞ Dövlət katibi Entoni Blinkenlə Çavuşoğlu arasında ikitərəfli əlaqələrə dair çoxlu müzakirələrin aparıldığını deyib.

Çavuşoğlunun səfəri ilə bağlı Prays söyləyib:

“Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə görə məsuliyyətə cəlb olunmasında Türkiyənin mühüm rolu var. Ona görə də bu qaçılmaz fürsət (Çavuşoğlunun səfəri) bu prosesin mühüm elementi olacaq, eyni zamanda, NATO çərçivəsində iki tərəfdaşı olaraq, Türkiyə tərəfi ilə müxtəlif mövzularda ortaq maraqlarımız var”.

Türkiyənin yenidən F-35 proqramına daxil edilib-edilməyəcəyi ilə bağlı suala Prays belə cavab verib:

“Hazırda hələ çox uzaqda olmasına baxmayaraq, “F-35” müzakirə mövzusu olanda bunun yenidən gündəmə gələcəyini düşünürəm. Türkiyənin “S-400” sistemi alması ilə bağlı narahatlığımızı çox açıq şəkildə ifadə etmişik. “S-400” sisteminin “F-35” proqramına uyğun olduğuna inanmırıq”.

O, Çavuşoğlunun səfərinin bir sıra məsələlərin müzakirəsi üçün yeni fürsətlər yaratdığını bildirib.