BAKI. 1 iyul. TELEQRAF

Rusiyalı boksçu İmam Xatayev antidopinq qaydalarını pozduğu üçün 2 il müddətinə diskvalifikasiya olunub.

Teleqraf Beynəlxalq Dopinq-Test Agentliyinin (ITA) rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı idmançıdan 9 aprel 2024-cü ildə götürülmüş nümunədə klomifen və onun metabolitləri aşkarlanıb.

Xatayevin cəza müddəti 25 iyun 2027-ci ildə başa çatacaq. Nümunənin götürüldüyü tarixdən 26 iyun 2025-ci ilədək olan müddətdə onun əldə etdiyi bütün idman nailiyyətləri ləğv olunub.

Qeyd edək ki, İmam Xatayev 2023-cü ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş dünya çempionatında 80 kq, Tokio-2020 Yay Olimpiya Oyunlarında 81 kq çəkidə bürünc medal qazanıb. Olimpiadada 81 kq çəkidə digər bürünc medalı Azərbaycan təmsilçisi Loren Alfonso Dominges əldə edib.