BAKI, 17 aprel. TELEQRAF

İyunun 21-də Bakı Kristal Zalında Qafqazda ilk dəfə dünya miqyaslı döyüş təşkilatı UFC-nin (Ultimate Fighting Championship) turniri baş tutacaq.

Teleqraf xəbər verir ki, "UFC Fight Night 258" ("Döyüş Gecəsi") adlı turniri təkcə idman baxımından deyil, həm də region üçün böyük əhəmiyyət daşıyır.

Azarkeşlər UFC-nin ulduz döyüşçülərini canlı izləmək fürsəti əldə edəcəklər.

UFC Asiya və Yaxın Şərq auditoriyasını fəal inkişaf etdirir. Eyni zamanda, Azərbaycan bu turnirə ev sahibliyi edən ikinci MDB ölkəsi olacaq. Rusiya artıq üç tədbirin təşkilatçısı olub, lakin sonuncusu 6 il əvvəl - 2019-cu ildə Moskvada baş tutub.

Onu da əlavə edək ki, 2020-ci ildə Qazaxıstanda da turnirin təşkili planlaşdırılsa da, COVID-19 pandemiyası səbəbindən tədbir ləğv edilib.

UFC-nin təşkili üçün lazım olan məbləğ

Rafael Fiziyev, Nazim Sadıxov və digər məşhur döyüşçülərin meneceri Sayat Abdrahmanov Qazaxıstanın UFC turnirinə ev sahibliyi etmə perspektivlərini dəyərləndirib: "Düşünürəm ki, bu, gec-tez baş verəcək, lakin tezliklə olmayacaq. Hər şey puldan asılıdır. UFC-nin səudiyyəlilərlə əməkdaşlığa başladığını nəzərə alsaq, qiymət etiketi ildən-ilə artır. Hər şey bu pulu olan adamdan, onun istəyindən asılıdır. UFC turniri keçirmək üçün 10-15 milyon dolları olan şəxs varsa, biz ona kömək edə bilərik”.

Göründüyü kimi, UFC turnirinin təşkili üçün ən azı 10 milyon dollardan keçmək lazımdır.

Bakının idman tədbirlərinin təşkilindəki təcrübəsi

Təşkilatın rəhbəri Dana Uayt Azərbaycanın idman tədbirlərini keçirmə təcrübəsinin olduğunu bildirib: "Azərbaycan və Bakının dünya səviyyəli irimiqyaslı idman tədbirlərinə ev sahibliyi etmək üçün inanılmaz tarixi var. Siyahımızda bu və qonşu regionlardan çoxlu görkəmli idmançılar var, ona görə də Bakı bizim üçün uyğun məkan idi. İyunun 21-də orada debüt tədbirimizi keçirəcəyim üçün çox həyəcanlıyam".

Bakı artıq uzun illərdir ki, Avropa və Asiyanın idman tədbirlərinin mərkəzlərindən biri kimi tanınır. Burada futbol üzrə AVRO-2020-nin 4 oyunu, I Avropa Oyunları, Formula 1 Qran Prisi, gimnastika, güləş, cüdo üzrə dünya və Avropa çempionatları kimi nüfuzlu tədbirlər keçirilib. Lakin UFC-nin gəlişi bu siyahıya tamamilə yeni bir səviyyə əlavə edir. Bu, regionda MMA-ya (qarışıq döyüş sənətləri) artan marağın və Azərbaycanın idman arenasındakı yüksələn rolunun göstəricisidir.

Gecənin əsas döyüşü: Camaal Hill - Xalil Rauntri

Gecənin əsas qarşılaşmasında yarımağır çəkidə iki amerikalı döyüşçü - keçmiş UFC çempionu Camaal Hill və nokaut ustası kimi tanınan Xalil Rauntri üz-üzə gələcəklər.

Hill texnikalı və ağıllı yumruq vuruşu ilə tanınır. O, 2023-cü ildə Qlover Teyşeyra üzərində qələbə qazanaraq UFC-nin yarımağır çəki üzrə çempionu olmuşdu. 34 yaşlı döyüşçü dizindən aldığı ciddi zədə səbəbilə titulunu qoruya bilməmişdi. O, uzun müddətdən sonra rinqə geri dönür və yenidən zirvəyə qalxmaq niyyətindədir.

Hillin aktivində 12 qələbə (7 nokaut) və 1 məğlubiyyət var.

Rauntri isə aqressiv döyüş tərzi ilə tanınır. O, Erik Anders üzərində qələbəsi zamanı nümayiş etdirdiyi muay-tay üslubu ilə məşhurlaşıb. 35 yaşlı idmançı son illər döyüş taktikası və sabitliyi baxımından xeyli irəliləyişə nail olub və ardıcıl qələbələr qazanaraq titul iddiasını gücləndirib.

Rəsmi elan olunan digər döyüşlər:

Darya Jeleznyakova (Rusiya, 9-2) – Melissa Mallins (İngiltərə, 7-1);

İrina Alekseyeva (Rusiya, 5-2) – Klaudiya Sıqula (Polşa, 6-2);

Mohammad Usman (Nigeriya, 10-4) - Hamdi Abdelvahab (ABŞ, 6-0);

İsmayıl Naurdiyev (Avstriya, 24-7) – Cun Yonq Park (Cənubi Koreya, 18-6);

Rizvan Kuniyev (Rusiya, 12-2) – Körtis Bleyds (ABŞ, 18-5);

Taqir Ulanbekov (Rusiya, 16-2) – Kioci Horiquçi (ABŞ, 34-5).

Azərbaycanlı döyüşçülər

Turnirdə azərbaycanlı döyüşsevərlər öz həmvətənlərinə də dəstək verə biləcəklər. Rafael Fiziyevlə Nazim Sadıxovun da döyüş gecəsində iştirak edəcəyi gözlənilir. Fiziyevin Çilidən olan İqnasio Baxamondeslə üz-üzə gələcəyi barədə xəbərlər yayılıb. Sadıxovun isə rəqibi hələlik bilinmir.

Bakıdakı UFC gecəsinə MDB-dən olan azarkeşlərin marağı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidəki UFC tribunaları rusdilli azarkeşlərin çoxluğu ilə tanınır. Səbəb isə Həbib Nurmaqomedov, İslam Mahaçev, Şara Bullet və Aleksandr Volkovun bu yarışlarda döyüşməsidir. BƏƏ-yə səfər etmək üçün viza tələb olunmur.

UFC-nin Bakıya gəlişi yalnız bir turnir deyil - bu, MMA-nın qloballaşmasının əyani sübutudur. Bu hadisə Azərbaycanda və regionda qarışıq döyüş sənətlərinin inkişafı üçün güclü təkan olacaq və yeni nəsil idmançılar üçün motivasiya mənbəyinə çevriləcək. Artıq indidən Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Özbəkistan və Gürcüstandan olan azarkeşlərin sosial şəbəkələrdə bu tədbiri izləməkdə maraqlı olduqları sezilir.