BAKI. 14 aprel. TELEQRAF

Slovakiyanın paytaxtı Bratislavadakı Avropa çempionatında 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə dönüb.

Teleqraf xəbər verir ki, komanda hesabında Avropa çempionu olan milli komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda federasiya rəsmiləri, güləşçilərin yaxınları, azarkeşlər və media nümayəndələri qarşılayıb.

Qalib komandaya gül çələngləri təqdim olunub, onlarla xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, qitə birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan milli komanda 151 xalla Avropanın ən güclüsü adını qazanıb. Azərbaycan təmsilçiləri Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvi Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar.