BAKI, 24 mart. TELEQRAF

Sərbəst, yunan-Roma və qadın güləşi üzrə Azərbaycan milli komandaları Avropa çempionatına hazırlaşırlar.

Teleqraf-ın Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmi saytına istinadən məlumatına görə, hazırlıq üçün fərqli məkanlar seçilib.

Sərbəst güləş yığması geniş heyətlə Qubaya yollanıb. Martın 19-da başlayan hazırlıq prosesi aprelin 2-dək davam edəcək. Quba Olimpiya İdman Kompleksində təşkil edilən toplanışda gənclərdən ibarət milli də iştirak edir.

Yunan-Roma və qadın güləşi üzrə yığmalar da məsul yarışın son hazırlığını Bakıda – AGF-nin təlim-məşq bazasında davam etdirir. Qadınların məşqləri martın 22-də start götürüb və aprelin 7-də yekunlaşacaq.

“Klassiklər” isə bu gün başlanan hazırlıq prosesini aprelin 9-da başa vuracaqlar.

Qeyd edək ki, Avropa çempionatı 7 - 13 apreldə Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.